Manşet Maraqlı Məqalələr Xəbərlər — 10 February 2017

Bir müddət əvvəl “mütərəqqi”, “inkişaf etmiş”, “mədəni” Qərbin iç üzü və onu pərdələyən parlaq maska haqda bir neçə sətir qələmə almışdım. Müstəmləkəçi, milli (və ya böyük, iri şirkətlərin) mənafeyi üçün hər bir yolu məqbul bilən Qərb kölələşdirmək, üstüörtülü və ya açıq şəkildə istismar etmək, maddi və mənəvi dəyərlərini məhv etmək istədiyi zəif cəmiyyətlərin bir-biriləri ilə həmrəy olaraq, birləşərək, güc toplayaraq, inkişaf edərək, dəyərlərini mühafizə edərək əcnəbilərin təcavüzünün qarşısını ala biləcək vəziyyətə gəlməsinə razı olub imkan verərmi?

Təbii ki, Qərb buna nə razı olar, nə də imkan verər. Müxtəlif və ən təsirli üsullardan olan daxildən yola gətirdikləri əlaltıları ilə sözügedən ölkələri gizlicə idarə edər, onların siyasi kursunu müəyyənləşdirərlər. Belə ki, Qərb irqçiliyi, məzhəbçiliyi və ya keçmişdə baş verən xoşagəlməz hadisələri, bir regiona və ya qrupa (indiki vəziyyətdə isə millətə) aid mənafeyi qabartmaqla hər hansı bir milləti parçalayır, eləcə də bu gün təəssüf ki, müxtəlif millətlərə bölünmüş ümmətin iki millətini bir-birinə düşmən edir. Beləliklə “mədəni” Qərb həmin ölkələrə bir “təhlükə”nin mövcudluğunu aşılayaraq, silaha sərmayə yatırtdırır, silah ticarəti istənilən səviyyəyə çatdıqda müharibənin baş verməsinə zəmin hazırlayaraq, satdığı silahların istifadəsinə nail olur…

Ancaq artıq dovşan da yavaş-yavaş gözlərini açır, baş verənlərin fərqinə varmağa başlayır. Sözdə böyük dövlətlərin bir çox planları baş tutmur, uğursuzluğa düçar olur. Bu yaxınlarda baş verdiyi və hələ də davam etdiyi üçün “Ərəb baharı”ndan nümunə götürək. Bu hadisədə müəyyən edici motivlərin daxili və ya xarici dinamiklər olmasından asılı olmayaraq, nəticənin tərəflərdən birinin istədiyi kimi olmadığı və olmayacağı aydındır. Belə bir məşhur məsəl var: cini şüşədən çıxarmaq mümkündür, ancaq onu yenidən şüşəyə qaytarmaq baş tutmaya bilər.

Əminliklə deyə bilərəm ki, gücünü zülm və istismar üçün istifadə edən dövlətlər qarşısında qorxuya və ümidsizliyə qapılaraq, köləliyə boyun əyməkdən başqa çarə vardır. Bu məsələdə hər şeydən əvvəl xalqların oyadılması və baş verənlərdən agah edilməsi gərəkdir. Zərərçəkən və məzlum ölkələr satın alınmayacaq qədər əxlaqlı, özünə və dəyərlərinə yadlaşmamış, hər bir sahədə keyfiyyətli, kadr yetişdirmək üçün plan, proqram hazırlamalı, bu işə sərmayə qoymalıdırlar. Mənfəət güdən və öz aralarında məhz bu səbəbdən mübarizə aparan güclü dövlətlərə qarşı məharətli xarici siyasət yürüdülməli, mövcud rəqabətdən və ziddiyyətlərdən peşəkarcasına istifadə edilməli, prioritetlərin müəyyənləşdirilməsinə diqqətlə yanaşılmalıdır.

Görüləcək işləri, tədbirləri müəyyən etmək və onların həyata keçirilməsinə nail olmaq üçün beynəlxalq təşkilat yaradılmalı, bu quruma mövcud və işlərində kifayət qədər səlahiyyət sahibi olan alimlər, mütəxəssislər cəlb edilməli, onların mütəmadi toplanıb məşvərət aparmalarına şərait yaradılmalı, qərarları qəbul edərkən mənsubu olduqları cəmiyyətlərin mövqeyinin nəzərə alınması təmin edilməli, ictimai fikir formalaşdırılmalı və bu yolla iqtidarlara təzyiq göstərilməsi öz faydasını verəcəkdir.

Müsəlman cəmiyyətlərin həyatlarında islamı rəhbər tutmaları şərtdir. Bu şərt reallaşdıqca müsəlmanları bir-birinə qarşı qoyan islama aidiyyəti olmayan mövzuların bir çoxu aradan qalxacaq, ən güclü və hər kəsi əhatə edən islam qardaşlığı fonunda münasibət bərqərar olacaqdır. Fərqli ictihadlar, məzhəblər, izahlar, islam anlayışları qanuni və məqbul sərhədlərdən kənara çıxmadığı müddətcə, yəni, yekdilliklə sahibini islamdan çıxaracaq ölçüdə və mahiyyətdə olmadıqca təfriqəyə, parçalanmaya səbəb təşkil edə bilməyəcək, müştərək sahədə qardaşlığa söykənən həmrəyliyə mane olmayacaqdır.

Xeyrəddin Karaman

/AzeriMuslims/

 

Share

About Author

elwnazmus

(0) Readers Comments

Leave a Reply

Your email address will not be published.