“Bir can nədir ki, ondan ötrü qorxum?”

Hatəm ağa Cağarvi, Mayıl Zahirov, Əli bəy Zizikski, Bəybala bəy Alpanski… Onların hər biri bir qəhrəmandı,  hər birinin öz hekayəsi var. Bu şəxslər  Quba soyqırımı zamanı xalqı müdafiə  edən, lakin tarixin qaranlıq səhifələrində yaddan çıxıb qalan qəhrəmanlardı. Belə qəhrəmanlardan biri də Möhübəli Kuzunvidir.

Sui-qəsddən öncə

…Gecənin sakit qaranlığında iki nəfər atla yola çıxır. Onlardan biri Möhübəli Kuzunvi digəri isə onun yaxın silahdaşı Molla Məhəmməd idi. Yola çıxmazdan öncə bir nəfər onlara yolda qurulan pusqu haqda xəbər verir. İnadkarlıqda ad çıxarmış  Möhübəlinin cavabı belə olur: “Bir can nədir ki, ondan ötrü düşməndən qorxum?” Bunlar Möhübəli Kuzinvinin son sözləri idi. 54 illik ömrü nöqtələyən bir neçə kəlmə… Amma öncəsi vardı, daha öncəsi…

Öncəsi

1868-ci ildə Qusar rayonunun Kuzun kəndində doğulub Möhübəli əfəndi. Gənc ikən Türkiyədə təhsil alıb. Türk, ərəb,  fars, rus dillərini mükəmməl bilib. Bu 19-cu əsr Azərbaycanı üçün yüksək elmi göstərici demək idi. Möhübəli əfəndi Türkiyədən döndükdən sonra maarifçiliklə məşğul olub. 1890-cı ildə doğma  kəndində öz vəsaiti hesabına məktəb açır. Mahalda yaşayan uşaqlar bu məktəbdə dünyəvi biliklərə yiyələnir. Amma maarifçilik Möhübəli Kuzunvinin vətən qarşısında göstərdiyi son xidmət deyildi…

Möhübəli Kuzunvi varlı, imkanlı bir şəxs idi. Quba qəzasında böyük hörməti vardı. Nəvəsi Camal Şabanovun dediyinə görə, babası 3 qadınla evli olub. Birinci həyat yoldaşı Nənəxanım adlı qadından 3 oğlu dünyaya gəlib. Təsərrüfatı böyük olduğundan 2-ci bir qadınla, Ərzi ilə evlənib. Qısa müddətdən sonra Ərzi xanım vəfat edir. Möhübəli əfəndi 3-cü dəfə gənc Nazxanımla ailə qurur.

Soyqırım günləri

1915-ci ildən başlayaraq, Quba qəzasında yerli əhalinin ermənilər və çar zabitləri tərəfindən təzyiqlərə məruz qalması Möhübəli Kuzunvini narahat edir. O, silahlı dəstələr yaradır. Hatəm ağa Cağarvi və Əli bəy Zizikski ilə qüvvələrini bir yerə cəmləyərək mübarizəyə başlayırlar. Bu dövrdə Quba qəzasında ermənilər xeyli fəallaşmışdı, soyqırım planını həyata keçirmək üçün hazırlıq aparırdılar. Quba qəzasına silahlı dəstələr toplayıb tez-tez müsəlman əhaliyə divan tutulurdu. Ermənilərlə  ilk böyük qarşılaşma Xaçmazın Həsənqala kəndi yaxınlığında baş verir.

Həsənqala döyüşü

1918-ci il. Daşnak Muradyanın silahlı dəstələri Xudat Dəmiryol Stansiyasında dayanır. Bir müddət burada qalan ermənilər yerli əhaliyə divan tutmağa başlayır. Bundan xəbər tutan Hatəm ağa Cağarvi, Əli bəy Zizikski, İbrahim bəy və Möhübəli Kuzinvi Həsanqala kəndi ətrafında düşmənin xeyli canlı qüvvəsi və silahını sıradan çıxarır. Bundan başqa, Muradyanın 200 əsgəri əsir alınır. Möhübəli əfəndinin tapşırığı ilə əsirlər Quba həbsxanasına salınır.

Hamazaspla qarşılaşma

Quba qəzasında qırğınlar törədənlərdən biri də, erməni cəlladı Hamazasp olub. Onun məqsədi Üçgün və Kilit kəndlərinə keçərək Şahdağa çatmaq idi. Amma Hamazaspın bu arzusu ürəyində qalır. 1918-ci ildə Qubanın Digah kəndi ərazisində “Qanlı Dərə” adlanan yerdə Möhübəli Kuzunvinin, Hatəm ağanın, Əli bəy Zizikskinin və Bəybala bəy Alpanskinin birləşmiş dəstələri ilə qanlı döyüşdə daşnaklar məğlub olur.

Bundan sonra M. Kuzunvi və dostu Hatəm ağa Cağarvi 1919-cu ilin ortalarından etibarən “Aladaş” düzündə 7 ay ərzində XI Qızıl Ordunun Azərbaycana girməsinin qarşısını alır. Möhübəli Kuzunvi sovet hökumətinin əleyhdarı olduğundan tez-tez bolşeviklərlə qarşılaşmalı olur. Qarşılaşmaların birində bolşeviklərin böyük bir hissəsini məhv edən Kuzunvi və tərəfdaşları onları Şahnabat çayının sahilinə sıxışdıraraq qayadan aşağı atıblar. Bu məsələ sovet hökumətini çox narahat edir. Qusar tarix Diyarşünaslıq Muzeyinin direktoru Xatirə Nağıbəyova deyir ki, Nəriman Nərimanov Kuzunvini fikrindən daşındırmaq üçün onunla danışıqlar aparır. Qusarda şəxsən Möhübəli əfəndi ilə görüşür. Yalnız bundan sonra, Möhübəli əfəndi və onun tərəfdaşları silahlı müqaviməti dayandırır. Sonralar həmin görüş haqqında xatirələrini bölüşən N. Nərimanov onu “nadir insan” adlandırır.

Pusquda duran qatil

Kuzunvinin xalq arasındakı nüfuzundan qorxuya düşən bolşeviklər Fövqəladə Komissarlığa onu aradan götürmək tapşırığı verirlər. Bu məqsədlə xüsusi plan hazırlanır və 2 nəfər Kuzun sakini ələ alınır. 1922-ci il. Möhübəli Kuzunvi və yaxın dostu Molla Məhəmməd Xaçmazda Molla Gülbalanın evinə mövlud mərasiminə dəvət alırlar. Mövludda iştirak edib evə qayıdarkən düşmən tələsinə düşürlər. Pusquda duran qatilin açdığı atəşlə hər ikisi ağır yaralanır. Deyilənə görə, döyüşçülər yaralı olsalar da, sürünərək uzun məsafə qət etməyə nail olublar.  Ən maraqlısı isə odur ki,  M. Kuzinvinin cəsədi yoxa çıxır. Bu günə kimi də onun harda dəfn olunması müəmma olaraq qalır.

Son

Möhübəli Kuzunvi öldürüləndən sonra onun evi, var-dövləti talan olunur, bütün xatirələri məhv edilir. Möhübəli əfəndinin nəvəsi Camal Şabanov deyir ki, babasının qətlə yetirilməsindən sonra 3-cü  həyat yoldaşı Nazxanım evi tərk edir və  ikinci dəfə ailə qurur. Kuzunvinin qardaşı oğlu Mahmud sovet hökumətindən ehtiyat edərək,  əmisinin kitablarını gecə ilə aparıb çaya tökür…

Çimnaz Şıxverdiyeva

/Lent.az/

Share

About Author

elwnazmus

(0) Readers Comments

Leave a Reply

Your email address will not be published.