Manşet Maraqlı Məqalələr — 11 February 2015

Поклонялись ли крестоносцы пророку Мухаммаду?

“Bafometin möhürü”

Məbəd cəngavərləri – Birinci Səlib yürüşündən sonra, 1119-cu ildə  Qüdsdə kiçik bir cəngavər qrupu  tərəfindən yaradılmış ordendir.  Bu cəngavər ordeni, çox zaman səlibçilərin Şərqdə qurduqları dövlətlərin hərbi müdafiəsi kimi istifadə olunurdu.  Lakin 1291-ci ildə Misir sultanı Xəlil əl-Əşrəf avropalıları Fələstindən qovub çıxardıqdan sonra məbəd cəngavərləri ticarətlə məşğul olmağa başlayır və böyük sərvət toplayırlar, eyni zamanda onların Avropa hökmdarları və Papa ilə münasibətləri gərginləşir. 

1307-ci ildə ordenin üzvləri Fransa kralı IV Filipp və Roma katolik kilsəsi tərəfindən həbs və işgəncələrə məruz qalır, edam olunurlar. Nəticədə, V Kliment ordeni ləğv edir.

Məbəd cəngavərlərinə qarşı məhkəmə proseslərində inkvizisiya əsas ittiham kimi orden üzvlərinin gizli ayinlər zamanı Bafometə ibadət etdiklərini irəli sürürdü. “Bafomet”  –  latın dilində “Mahomet”  sözünün təhrif olunmuş variantıdır və ilk dəfə 1195-ci ildə Qavaduanın poemasında “Məhəmməd” adının latınlaşdırılmış forması kimi işlədilmişdir: “onun köməyi ilə [yəni İsanın köməyi ilə] Mahometin  yoldan çıxardığı bütün itlərə və həyasız reneqatlara [islamı qəbul etmiş xristianlara] qalib gələcəyik” (Michael Routledge, «The Later Troubadours»).

İşgəncə altında qalan məbəd cəngavərləri Bafometə ibadət etdiklərini söyləyirlər. Məbəd cəngavərlərinin təlimi, doğrudan da, xristianlıqdan fərqlənirdi; onların özünəməxsus rəmzləri və ayinləri var idi. Bununla belə, ordenin buraxılmasının səbəbi cəngavərlərin var-dövləti və təsir dairəsinin artması idi; çox güman ki, onlara qarşı irəli sürülən  ittihamların çoxu uydurulmuşdu.

Müasir alimlərdən bir çoxu belə hesab edir ki, məbəd cəngavərlərinin bəzisi Utremerdə (Birinci Səlib yürüşündən sonra səlibçilərin Livanda qurduqları dövlət) uzun müddət qaldıqdan sonra, həqiqətən, öz əqidə sistemlərinə islam ideyalarını daxil etməyə başlamışdır. Bunu tarixi faktlarla sübuta yetirmək və ya inkar etmək hal-hazırda mümkün deyildir. Bafometin timsalında katolik din xadimləri iblisin özünü görür və məbəd cəngavərlərini dindən azmaqda günahlandırırdılar. Buna görə ordenin başçısı Jak de Mole bütün rəhbərliklə bərabər tonqalda yandırılmış, digər üzvlər isə qaçmışdılar.

 

Orta əsr xristianları yanlış olaraq belə hesab edirdilər ki, müsəlmanlar bütpərəstdirlər və Məhəmməd peyğəmbərə Allah kimi ibadət edirlər. İslamın mahiyyəti haqqında təsəvvürlər Avropada o dərəcədə təhrif olunmuşdu ki, müsəlmanları müşrik hesab etməklə yanaşı, guya onların sitayiş etdikləri bütlər arasında ən hörmətlisinin “günahkar üçlük” olduğuna inanırdılar və onlara görə bu “üçlük”  Məhəmməddən, Termaqantdan (ay) və Abbadondan (İncildə ölüm və qırğın mələyi) ibarət idi.

Ən yeni tarixdə Elifas Levi “Taro” kartlarının XV arkanında iblisi göstərən kartda  Bafometin möhürünü təsvir etməklə ona olan inancı yenidən gündəmə gətirmişdir. Şeytan kilsəsi açıldıqdan sonra “Bafometin möhürü” satanizmin əsas rəmzi hesab olunmağa başlamışdır.

/islamnews/

Rus dilindən tərcümə etdi: Zülfiyyə Əmrahlı

/AzeriMuslims/

Share

About Author

elwnazmus

(0) Readers Comments

Leave a Reply

Your email address will not be published.