İslami Manşet Məqalələr — 23 November 2015

Sual:

Gözəl geyinmək göstəriş etmək mənasına gəlirmi?

Cavab:

Riya (göstəriş) – hər hansı bir işi Allah rizası üçün deyil, insanların bəyənib tərif deməsi üçün etməkdir. Göstəriş etməklə məşğul olan insana “murai” deyilir.

Riya gözəl geyimə deyil, bu geyimi geyməklə özünü digər insanlardan üstün hesab edənə aid edilir. Bu barədə hədislərdən birində Peyğəmbər (sallallahu əleyhi vəsəlləm) buyurur: “Qəlbində qum dənəsi boyda da olsa təkəbbür olan kəs Cənnətə girməyəcək”. Dinləyənlərdən birinin: “Amma gözəl geyim və ya ayaqqabı geymək insanın xoşuna gəlir” – sözlərinə Peyğəmbər (sallallahu əleyhi vəsəlləm): “Uca Allah gözəldir və gözəl olanı sevir! Təkəbbür isə başqalarına qarşı nifrətli, aşağılayıcı münasibətdir” – deyə cavab vermişdi. (Müslim, İman, 147; Əbu Davud, Ədəb, 29).

 Bu məsələ ilə bağlı aşağıdakı hədisləri də nümunə gətirmək olar:

“Təkəbbüründən dolayı paltarının ətəyini yerlə sürütləyən kimsənin üzünə Uca Allah Qiyamət günündə baxmayacaq” (Muvatta, Libas, 12).

“Gözəl geyinmiş və daranmış biri addımlarını yerə təkəbbürlə basaraq yeriyirdi. Birdən Allah torpağı onu udmağa məcbur etdi və o, haqq-hesab gününədək torpağın dərinliyinə batmağa davam edəcək” (Buxari, Müslim).

Allahın rəsulu (sallallahu əleyhi vəsəlləm) təmiz və səliqəli görünüşə böyük önəm verirdi və səhabələrini də buna sövq edirdi.

Belə rəvayət olunur ki, bir dəfə Peyğəmbər (sallallahu əleyhi vəsəlləm) saçları dağınıq olan birini gördükdə demişdi: “Doğrudanmı o, saçlarını səliqəyə salmaq üçün heç nə tapmayıb?”. Sonra Allahın rəsulu (sallallahu əleyhi vəsəlləm) üstü-başı çirk içində olan birini gördükdə demişdi: “Doğrudanmı bu adam paltarını yumaq üçün bir şey tapmayıb?” (Əbu Davud, Libas, 17).

Göstəriş və təkəbbürün xarici görünüşdən daha çox qəlb ilə əlaqəli olmasına baxmayaraq, insanın geyiminin və zahiri görünüşün sadə olması daha xoş görülmüşdür. Məhz buna görə Allah Rəsulu (sallallahu əleyhi vəsəlləm) səhabələrini yerlə sürünən geyimlər geyməkdən çəkindirirdi.

Geyimlə əlaqəli başqa bir hədisdə deyilir: “Məgər eşitmirsiniz? Sadə geyim imandandır, sadə geyim imandandır” (Əbu Davud, Taracul, 1).

İnsanın geyimdə gəzməsi təbii hal olduğu kimi, onun gözəl geyimi sevməsi də təbiidir. Eyni zamanda, insanın gözəl geyim geyməsi Allahın ona olan lütfünün təzahürüdür. Müsəlman həyatın digər bütün sahələrində olduğu kimi, geyimdə də orta səviyyəni gözləməlidir. Yeni və gözəl geyimi geyib gəzərkən möminin qəlbində təkəbbürə yer olmamalıdır, əksinə, o, Allaha ona nəsib etdiyi lütfünə görə şükür etməlidir.

 /islam-today/ 

Tərcümə etdi: Zülfiyyə Əmrahlı

/azerimuslims/

Share

About Author

elwnazmus

(0) Readers Comments

Leave a Reply

Your email address will not be published.