Elmi Manşet Məqalələr Xəbərlər — 09 January 2017

“Siyasi islam” terminindən eyniadlı dinə siyasi hakimiyyətin təmsilçisi kimi etiqad bəsləyən siyasi islahatçılıq hərəkatlarını xarakterizə etmək məqsədilə istifadə olunur. İslam şəriətindən irəli gələn bir sıra siyasi ideya və məqsədlər indiki dövrdə qərbmərkəzli (həm də rus) islamşünaslıq tədqiqatlarında, ideoloji informasiya-media leksikonunda, əsasən “siyasi islam” termini ilə ifadə olunur.

Bu terminin islamı ancaq ibadət institutu kimi deyil, həm də siyasi, iqtisadi, ictimai və hüquqi sistem olaraq nəzərdən keçirən fərd və qrupların, hərəkat və partiyaların fəaliyyətini tövsif etmək üçün XX əsrin sonlarında media orqanlarında işlədilməsi intensivlik kəsb etmişdir. Qeyd etmək lazımdır ki, müasir müsəlman mütəfəkkirləri və ilahiyyatçıları, həmçinin siyasi hərəkat ideoloqları “siyasi islam” termini qəbul etmir, əvəzində “şəriətin tətbiqi” ifadəsindən istifadəyə üstünlük verirlər.

XX əsrin müsəlman siyasi hərəkatları və fəaliyyət formalarına dair tədqiqat və media materiallarının təhlili göstərir ki, bu hərəkatlar dindən siyasi məqsədlər üçün istifadədə, teokratik dövlət qurmaq istəyində ittiham olunur. Bu ittihamın ümumi təsviri ondan ibarətdir ki, Orta əsr Avropasında Kilsənin etdiyi kimi müsəlman siyasi islahatçılıq hərəkatları da din amilindən istifadə edərək hakimiyyətə can atır, qanunvericiliyin bazası olaraq şəriəti əsas götürürlər.  Bu səbəbdən müsəlman siyasi hərəkatları, o cümlədən ideoloq-mütəfəkkirlər, siyasi-sosial fəallığı ilə tanınan ilahiyyatçılar dinin dövlətdən ayrılmasına çağırış edən liberal-dünyəvi nöqteyi-nəzər tərəfindən rədd edilir.

Əsasən media orqanları vasitəsilə tənqidlərə məruz qalan müsəlman siyasi hərəkat və partiyaları, ayrı-ayrı şəxslər əks təbliğata və ideoloji kampaniyalara baxmayaraq, bir sıra ərəb-müsəlman ölkələrində özlərinə tərəfdar toplamış, xalq kütlələri arasında nüfuz qazanmış, Misir, Tunis, Fələstin, Mərakeş və Türkiyədə siyasi iqtidara yiyələnə bilmişlər. Bütün bu siyasi hadisələrin fonunda məlum hərəkatlar əleyhinə aparılan ideoloji-informasiya təbliğatının səciyyəvi cəhəti budur ki, islamın siyasiləşdirilməsi yolverilməzdir və bu, dövlət idarəçiliyi və sosial tənzimləmənin dünyəvi modeli üçün böyük təhlükədir. Belə bir narahatlıq və əks-reaksiya Qərbin bəzi siyasi dairələrinin xarici siyasət kursunun ideoloji təbliğat və təşviqatçısı hesab olunun bir sıra məşhur media qurumlarının leksikonunda “siyasi islam”, “islam radikalizmi”, “islam fundamentalizmi” terminlərinin işlənmə intensivliyini artırmış, Qərbdə, o cümlədən Rusiya və keçmiş sovet respublikalarında “siyasi islam”, “islam fundamentalizmi”, “islamın siyasiləşməsi”, “islam radikalizmi”, “islam terroru”, “islamçılıq” elementli sərlövhə və başlıqlarla yazılar qələmə alınmış, dissertasiyalar yazılmış, araşdırmalar aparılmışdır.  

Maraqlıdır ki, ələlxüsus 11 Sentyabr hadisəsinədək Qərbdə siyasi təhlilçilər müsəlman siyasi hərəkatlarını Ərəb dünyasında hakim dünyəvi rejimlər tərəfindən təzyiq altında saxlanılan, amma öz mövcudluğunu isbatlamağa çalışan müxalifət cəbhəsi kimi təsvir etdikləri halda, ABŞ-da Beynəlxalq Ticarət qüllələrinin partladılmasından sonra, xüsusən “Ərəb baharı” hadisələri zəminində vəziyyət dəyişmişdir. Belə ki bu hərəkatlar, o cümlədən Əfqanıstanda taliblər, Misirdə “Müsəlman qardaşlar” hərəkatı, Tunisdə “Nəhzə” partiyası, Fələstində HƏMAS hərəkatı, Livanda “Hizbullah” mövcud dünyəvi quruluşa təhlükə yaradan “siyasi islam” və ya islamçılıq təzahürü kimi təqdim edilir.

          Müsəlman dünyasında “siyasi islam” termini birmənalı qarşılanmamışdır. Əks mövqedən çıxış edən nöqteyi-nəzər bildirir ki, islam siyasi-sosial fikri ilə əlaqədar bu və digər terminlər ideoloji-siyasi “laboratoriyalar”da işlənib hazırlandığından elmi obyektivlik ifadə etmir, islamın mahiyyəti, tarixi və Məhəmməd peyğəmbərin bu dini təbliğ və tətbiq təcrübəsi ilə üst-üstə düşmür. Peyğəmbər təcrübəsi və müsəlman ənənəsində islam həyatın bütün sahələrini birbaşa, ya da dolayısı ilə tənzimləyən bütöv bir sistem olaraq qəbul edildiyindən onu ancaq ibadət institutu və ya vicdan işi olaraq göstərən, sosial-siyasi və iqtisadi həyatdan təcrid edən ideoloji yanaşma – “siyasi islam” termini rədd olunur. Müasir müsəlman ideoloqları qeyd edirlər ki, “siyasi islam”, “mötədil islam”, “cihadçı islam”, “radikal islam” və sair təsnifat ideoloji subyektivliyin nəticəsidir, islamın əsil mahiyyəti ilə səsləşmir. Onlar və bir sıra qərbli müəlliflər (Robert Spenser və s.) bildirir ki, islamla “siyasi islam” arasında heç bir fərq yoxdur və onları bir-birindən fərqləndirmək qeyri-məntiqidir. Çünki islam prinsip baxımından, həm də siyasi məqsədlərdən çıxış edir: “İslam müsəlmanlar üçün sadəcə din deyildir; o həm də həyat tərzi və formasıdır. Orada kiçik işlərdən (yemək, yatmaq…) tutmuş mürəkkəb həyat məsələlərinədək təlimlər mövcuddur”.

Elvüsal Məmmədov

/AzeriMuslims/

Share

About Author

elwnazmus

(0) Readers Comments

Leave a Reply

Your email address will not be published.