Elmi Manşet Maraqlı Məqalələr Xəbərlər — 05 September 2016

Televiziya meydana gəlməzdən əvvəl valideynlər uşaqlarına qarşı daha qətiyyətli, daha ciddi, daha tələbkar idilər; ona görə yox ki, onlar bunun daha səmərəli tərbiyə üsulu olduğuna inanırdılar (əslində bu belədir); ona görə ki, qətiyyət və tələbkarlıq valideynlərin özlərinin yaşaması üçün lazım idi. Valideynlər uşaqlarına nəzarət edir, oynamağı və özü-özünə əylənməyi öyrədir, onların inkişaf səviyyələrinə həmişə göz qoyurdular. Valideynlər uşaqların yatma rejiminə nəzarət edir, onların yatdıqlarını, yoxsa öz otaqlarında sakitcə uzanıb oynadıqlarını və ya musiqiyə qulaq asdıqlarını yoxlayırdılar.

Televiziya meydana çıxdıqdan sonra bu mümarisələrin çoxu unuduldu. Dövrümüzdə uşaqlar necə əylənəcəklərini bilmir, özlərini nə ilə təəccübləndirə biləcəklərini təxmin etmir, vaxtlarını hansı isə əyləncə növünə həsr etmir, mütaliə və yaradıcılığı rədd edir, sadəcə olaraq, oturub “qutu”ya baxırlar.

 Televiziya meydana gəlməzdən əvvəl uşaqlar müstəqil olmağı, dəyişməyi tez öyrənir, şəxsi bacarıqlarını tez dərk edir, ətraf mühitə inteqrasiya edir, bir-biri ilə aktiv ünsiyyət yaradırdılar. Üç yaşına çatdıqda onlar ətraf aləmi mənimsəməyə çalışırdılar.

İndi inkişafın bu mərhələsində uşaqlara “dayə-televizor” təklif olunur: valideynlərə elə gəlir ki, uşaqları nə qədər ki öz otaqlarında oturub televiziya verilişlərini baxırlar, deməli, sakit və təhlükəsiz mühitdədirlər, ata və anadan azad şəkildə  başları qarışmışdır, valideynlərini məşğul etmirlər; əsas budur ki, onları sakitləşdirmək üçün valideynin əlavə məşğuliyyət tapmasına ehtiyac yoxdur.

Bəli, televizora baxmaq uşağı, məsələn, küçədə, həyətdə oynayarkən başına gələ biləcək şeylərdən qoruyur: uşaq yıxılmır, yaralanmır, başına bəla gəlmir, valideynlərini acıqlandırmır… Amma balacalar uşaqlıq mərhələsini adladıqdan sonra televizor onları yenidən asılı hala gətirir.  

Televiziya yaranmazdan əvvəl uşaqlar öz maraq dairələri daima genişləndirir, yeni-yeni şeyləri sınaqdan keçirir, oyunlar fikirləşir, düşünür, oxuyur, təxminlər edir – bir sözlə, darıxmırdılar. İndi isə uşaqlar şikayətlənirlər ki, etməyə heç nə yoxdur, hər şey maraqsızdır. Görünür, onlar heç vaxt bu qədər təəssürat və informasiya əldə etməyiblər, eləcə də heç vaxt bu qədər darıxmayıblar!  Televizora baxmaq təhlükəsiz olub, vaxt keçirmək üçün azacıq zəhmət belə tələb olunmur, amma eyni zamanda, hansı isə maraqlı məşğuliyyət tapmaq çətin işə çevrilmişdir! Bədii əsərlərin ekranlaşdırılması uşaqlardan xəyallarını oğurlamış, onlara şəxsi olanın əvəzinə başqasına aid olanı vermişdir. Artıq onlar kitab qəhrəmanları ilə birlikdə böyümür, onların daxili aləmlərini, mübarizə və dəyərlərini başa düşmürlər. Günlərlə kitab oxumaq, sona tədricən yaxınlaşmaq əvəzinə, televizora baxmaqla 90 dəqiqə ərzində bütün süjetlə tanış olmağa üstünlük verirlər. Televizor uşaqları razı salıb məmnun etmir, amma onları əyləndirir, əyləncədən sonra uşaqlar televizordan uzaqlaşırlar; bu, uzaqlaşdırmanın özünəməxsus nəticəsidir. Bizimlə kitablar arasında dərin əlaqə vardır; bu əlaqəni öyrənmək, izah etmək, kəmiyyətcə göstərmək mümkün deyildir, – məhz bu mühüm hissi əlaqəni televiziya təmin edə bilmir.

Keçmişdə asudə vaxtın bolluğu uşaqlara böyüklərdən asılılığı azaltmaq üçün sevimli işləri ilə məşğul olmaq imkanı verirdi; indi isə bir çox uşaq üçün asudə vaxt müşkülə çevrilib; onlar sadəcə olaraq bilmirlər ki, onda nə ilə məşğul olsunlar; onların edə biləcəyi yeganə iş televizora baxmaqdır. Bəziləri hətta yemək yeyərkən, dostlarla danışarkən, ev tapşırıqlarını yerinə yetirərkən ekran başında olurlar.

Televizora baxmaq ailə həyatına da təsir göstərir: gündəlik işlər televiziya verilişləri proqramına təhkim edilir, ailəvi ayinlər sıradan çıxır. Bir çox böyüklər şikayətlənir ki, ev mehmanxanaya və ya restorana çevrilib, ancaq yemək və yatmaq yeri halına gəlib; çox vaxt onlar başa düşmürlər ki, bütün bunlar ailə həyatında televizora mühüm yer vermənin nəticəsidir.

Sağlam ailələr üçün təcrübə mübadiləsi etmək, birlikdə müzakirə aparmaq, kollektiv ünsiyyət yaratmaq lazımdır. Məhz bu amillər ailədə möhkəm əlaqələri təmin edir. Əks halda isə valideynlərin ailədə rolu uşağa yemək vermək, onu geyimlə təmin etməklə məhdudlaşacaqdır.

Televizordan asılı olmaq ailənin birliyini sarsıdır, insanların ünsiyyət qura biləcəkləri vaxtı hədər edir. Amerika ailələrinin əksəriyyəti nahar vaxtı televerilişlərə baxır. Özü də bir televizorda deyil, evin künclərinə yerləşdirilmiş müxtəlif televizorlarda, müxtəlif verilişlərə! Hətta onlar təbiət, əxlaq haqqında verilişlərə, aktual xəbər proqramlarına baxsalar da, özlərini daha mühüm olan şeydən məhrum edirlər. Onlar gün ərzində etdiklərini bir-biri ilə bölüşürlərmi?  Planlarını, fikirlərini bölüşüblərmi, zarafatlaşıblarmı, öz uğurları və arzuları haqqında danışıblarmı? Bu vəziyyətdə onları həqiqi ailə adlandırmaq olarmı? Televiziya özlüyündə ailəni dağıtmasa da, onu möhkəmləndirmir; yaradıcılıq üçün, inamlı əlaqələr üçün, ailənin mənəvi müdafiəsi üçün ayrılan vaxtı bizdən oğurlayır. Televizor uşaqların təlim-təhsili ilə məşğul olan valideynlərin yolunu kəsir.

Valideynin övladına bəxş edəcəyi yeganə mühüm maarifləndirici vasitə onlarda mütaliəyə həvəs yaratmaqdır. Televizor üzündən uşaqlar tənbəl oxuculara çevrilirlər; kitabı axıradək oxumağa həvəsləri qalmır; bir çox televizor “xəstə”si üçün kitab oxumaq həddən çox vaxt aparan çətin işə çevrilib. Televizora baxmaq isə onlar üçün çox asandır!

/AzeriMuslims/

Share

About Author

elwnazmus

(0) Readers Comments

Leave a Reply

Your email address will not be published.