İslami Manşet Məqalələr Xəbərlər — 04 December 2017

Allahdan başqa ilahın olmadığını təsdiqləmək o deməkdi ki, Allah hər şeyə mövcudluq kəsb etdirən yeganə yaradıcıdır, hər hadisənin ali səbəbi, bütün varlıqların nəticələndiricisi, İlk və Sondur. Bunu əminliklə, yəqinliklə, qənaətbəxşliklə, mənasını dərk edərək təsdiqləmək bizdə belə bir qənaət formalaşdırır ki, bizi əhatə edən bütün əşya və hadisələr, təbii, ictimai və psixi proseslər Allahın əməli olub, Onun məqsədlərindən birinin gerçəkləşməsidir. Belə bir fəhm insan oğlunun ikinci xarakterinə çevrildikdə saatlarla ondan ayrılmır və insan həyatının hər bir anını bu fəhmin kölgəsində hiss edir. Bununla da, o, hər bir şey və hadisədə Allahın əmr və icrasının olduğunu görür. Və insan ilahi təşəbbüsə tabedir.

Təbiətdə bu cür təşəbbüsü müşahidə etmək təbii elmlərin işidir[1].  Çünki təbiətdəki ilahi təşəbbüs, əslində, Allahın təbiətə bəxş etdiyi sabit qanunlardan başqa şey deyildir[2].  Mikrokosmos (insan) və cəmiyyətə Allahın bəxş etdiyi qanunauyğunluqları öyrənmək humanitar-sosial elmlərin yenidən təsis edilməsini zərurət halına gətirmişdir[3]. Əgər bütün varlıqlar, əslində, Allahın qoyduğu qanunauyğunluqların təcəssüm tapdığı, təbii varlıqları yaratmış ilahi iradənin əks olunduğu “platforma”dırsa, onda müsəlmana görə, kosmos bütün hərəkətlərin Allahın iradəsi ilə baş verdiyi canlı səhnədir. Bu səhnəni həmin qanunauyğunluqlar və prinsipləri əsasında izah etmək mümkündür. Bu səbəbdən Allahın təkliyi – tövhid o deməkdir ki, hər bir şeyin səbəbi olmada Allahın təkliyini və şərikinin olmadığını təsdiqləyirik.

Nəticə etibarı ilə deyirik ki, tövhid təbiətdə Allahla yanaşı “fəaliyyət göstərən” ikinci bir aktiv qüvvənin mövcudluğunu inkar edir. O Allahla ki, kainatı heç vaxt dəyişməz əbədi qanunauyğunluqlar əsasında yaratmışdır. Yəni, istənilən təbii qüvvə Allahın iradəsinə tabedir. Bu da öz növbəsində təbiəti və ya müəyyən varlıq kateqoriyasını idarə edən sehr və şər ruhlar xülyasını, mistik qüvvələr mifini rədd edir. Bu o deməkdir ki, təbiətdəki hadisələrə kənar qüvvələrin zorakı müdaxiləsi mümkün deyildir. Bu mənada tövhid müqəddəsliyin təbiətə xas olmadığını bildirir, ona qeyri-dini xüsusiyyət kəsb etdirir. Təbiətşünaslığın müqəddəm şərti də elə bundan ibarətdir. İbtidai dinlərin, cəhalət xurafatlarının iddia etdiyi tanrılar və ruhlar məhz tövhid vasitəsilə təbiətdən ayrı tutulur.

Tövhid xurafat və əfsanələrə yox deyir. Çünki xurafat və mif elmin düşmənidir. Tövhid səbəb-nəticə əlaqələrinin bütün “iplər”ini əlində cəmləşdirib, onları gizli qüvvələrə deyil, Allaha qaytarır. Bununla da o (tövhid – mütərcim), hər bir şey və hadisəyə aid səbəbiyyət qüvvələrini sistemləşdirir, davamlı fəaliyyət göstərən səbəbiyyət silsiləsinə daxil edir. Bu səbəbiyyət silsiləsi gedib Allaha çıxdığı, Onun istəyinə tabe olduğu üçün təbiətə Allahın bəxş etdiyi səbəb-nəticə qüvvəsinin funksionallığına müdaxilə edən kənar qüvvənin mövcudluğundan söhbət gedə bilməz. Bu da öz növbəsində zəruri edir ki, kainatdakı hissələr bir-biri ilə səbəb-nəticə əlaqəsindədir və bunu təcrübi yolla isbatlamaq mümkündür.  

Təbiət qanunlarının dəyişməz ilahi qanunauyğunluqları olması o deməkdir ki, Allah mövcud qanunauyğunluqlar vasitəsilə səbəb-nəticə “iplər”ini hərəkət gətirir. Səbəb və nəticə arasındakı dəyişməz səbəbiyyət əlaqəsindən nəticə meydana çıxır. Səbəb və nəticə arasındakı əlaqənin dəyişməzliyi təcrübə və kəşfi, daha sonra öyrənib-bilməni mümkün edir.

Elm təbiətdəki təkrar olunan belə səbəbiyyəti həmişə axtarmaqla məşğuldur. Çünki səbəbiyyət “ip”ini əmələ gətirən səbəb-nəticə əlaqələri digər “ip”lərdə təkrarlanır. Belə əlaqələrin mövcudluğunu isbatlamaq təbiət qanunlarını üzə çıxarmağa oxşayır. Təbiətdəki səbəbiyyət qüvvələrini nəzarət altına almaq və mühəndislik istifadəsinə təhkim etməkdə, insanın ondan faydalanmasında bu, müqəddəm şərt sayılır.

[1] Təbiət hadisələrinin dəyişməz qanunlara tabe olmağı ideyası meydana çıxdıqdan sonra ictimai elmlər inkişaf etdi. Təbiət elmlərinin müsəlmanlar arasında inkişaf etməsi üçün islamın təqdim etdiyi də məhz budur. Kainatın Allahım əmri ilə nizamlı təbiətə sahib olduğunu islamın israrla vurğulamağı elmi ruhun inkişafı üçün zəruri abı-hava yaratmışdı. Amma bunun əksi – yəni təbiətin sabit olmadığını, zorakı tanrıların, yaxud ona hökmranlıq edən sehrli qüvvələrin fəaliyyət meydanı olduğunu iddia edən etiqad elmə aparıb çıxara bilməz.

[2] Müəyyən bir hadisəni öyrənən, ayrı-ayrı detalları əsasında onu təhlil edən, bu detalların qarşılıqlı əlaqəsini qiymətləndirən tarix elmindən fərqli olaraq, təbiət elmləri ümumi tərz ilə (standartı) və müəyyən növə (kateqoriyaya) aid bütün detalları, yaxud bütün kateqoriyaları tənzimləyən qanunla maraqlanır.

[3] Eyni fikir ictimai-humanitar elmlərə də aiddir. Belə ki məqsəd insanların fərdi və ya ictimai davranışlarını tənzimləyən, yaxud müəyyən edən qanunların isbatlanmasıdır.

İsmayıl Raci Faruqi

Ərəb dilindən tərcümə Elvüsal Məmmədovundur.

/AzeriMuslims/

Share

About Author

elwnazmus

(0) Readers Comments

Leave a Reply

Your email address will not be published.