Türkiyənin Böyük Millət Məclisinin 26-cı çağırış heyətinə millət vəkillərinin seçimi başa çatdı.
İyunun 7-də keçirilmiş parlament seçkiləri ilə müqayisədə topladığı səslərin sayını 8 faiz artıran, iqtidardakı Ədalət və İnkişaf Partiyası (AKP) bu gecə rəsmi olmayan, ilkin məlumatlara görə seçkilərin qalibidir.
Baş nazir Əhməd Davudoğlunun sədrlik etdiyi partiya səslərin çoxunu qazandığı üçün hökuməti təkbaşına qurmaq imkanını əldə edib.

16 siyasi partiyanın qatıldığı seçkilərdə Türkiyədəki 54049851 seçicinin böyük qismi səsvermədə iştirak etdi.
İyunun 7-də keçirilmiş parlament seçkilərində səslərin 40,87 faizini toplamış AKP bu dəfə 48 faizdən artıq göstərici ilə 316 mandata yiyələndi.
Ötən seçkilərdə 258 mandatı olduğundan hökuməti təkbaşına qura bilməyən, Milliyyətçi Hərəkat Partiyası (MHP) və kürdlərin Xalq Demokrat Partiyası (HDP) ilə danışıqlar aparmağa, sonra da Cumhuriyyət Xalq Partiyası (CHP) ilə koalisiya müzakirələrinə başlamaq məcburiyyətində qalan, cəhdləri baş tutmayan AKP koalisiya hökuməti qura bilməmişdi. Bu səbəbdən də noyabrın 1-də növbədənkənar parlament seçkiləri təyin olunmuşdu.
İqtidardakı AKP-dən fərqli olaraq, müxalifət partiyalarının istisnasız olaraq haimısı geriləyib. Ən başlıcası isə CHP iyunun 7-dəki seçkilərlə müqayisədə qazandığı səslərin sayını artırsa da, seçki ərəfəsində qarşısına qoyduğu məqsədlərin heç birinə çatmayıb.

Milliyətçi Hərəkat Partiyası (MHP) ötən seçkilərdə səslərin 16,29 faizini toplamışdısa, bu dəfə 4 faiz geriləyib. 
Kürdlərin HDP partiyüası da ötən seçkilərdəki 13,12 faizlik uğurunu daha da inkişaf etdirməklə bağlı vədlər versə də, geriləyib.
Beləcə, AKP qazandığı səslərin sayını artırıb, CHP mövqelərini pis-yaxşı qoruyub, MHP və HDP isə tam əksinə, geriləyiblər.

AKP-nin, Ərdoğanın uğuru

Faktiki lideri Rəcəb Tayyib Ərdoğan olan AKP 2002-ci ilidəki parlament seçkilərində səslərin 34 faizini qazanaraq “təkbaşına iqtidar” imkanlarına yiyələnmişdi.
Həmin uğurunu 2007 və 2011-ci illərdəki seçkilərdə təkrarlayan AKP  2015-ci ilin iyunun 7-dəki seçkilərdə statistik geriləməyə məruz qalmış, HDP-nin az qala sensasion uğuru ilə barışmaq məcburiyyətində qalmışdı.
İndisə AKP səhvlərindən nəticə çıxarması, zəif mövqelərini gücləndirməsi sayəsində ötən seçkilərdə rəqiblərinə uduzduğu İqdır, Bingöl, Şanlıurfa, Muş və Kilisdə irəli çıxmağı bacardı.
CHP ötən seçkilərlə müqayisədə Ərdahan, Kırklareli, Bilecik, Kilis, Qars kimi vilayətlərdə qazandığı səslərin sayını artırsa da, 41 şəhərdə daha pis nəticə göstərdi.

MHP Ərdahan istisna olmaqla ölkənin bütün vilayətlərində mövqelərinin zəifləməsi ilə üzləşib. Ötən seçkilərlə müqayisədə MHP Kilis, İqdır, Bilecik, Bayburt və Artvində daha çox geriləyib.
Kürdlərin HDP partiyası iyunun 7-də seçkilərlə müqayisədə heç bir vilayətdə qazandığı səslərin sayını artıra bilməyib. Bingöl, Ağrı, Qars, Bitlis, Van kimi vilayətlərdəsə bu partiya əvvəlki mövqelərini də itirib.

Parlamentdəki dördlük

Noyabrın 1-də keçirilmiş parlament seçkilərinə 16 partiya qatılsa da, onların arasında yalnız 4-ü Türkiyə Böyük Millət Məclisində təmsil olunacaqlar.
Seçkilərin gecə saatlarına olan nəticələrinə görə, mandat paylaşımı belədir:
1. AKP – 316 millət vəkili
2. CHP – 134 millət vəkili
3. HDP – 59 millət vəkili
4. MHP – 41 millət vəkili
Yerdə qalan 12 partiyanın heç biri 1 faizdən artıq səs toplaya bilməyib.

Yeni lider “doğuldu”

Bu seçkilər Türkiyədə gerçək, yeni siyasi liderin “doğuluşu” da sayıla bilər. Həmin lider iqtidardakı AKP-nin sədri, baş nazir Əhməd Davudoğludur.
İyunun 7-dəki parlament seçkiləri ərəfəsində o, partiyanın fövqəladə qurultayında sədr seçilmişdi və AKP də məhz Davudoğlunun rəhbərliyi ilə seçkilərə qatılmışdı.
Lakin həmin seçkilərdə AKP-nin geriləməsi, HDP-nin irəliləyişi Ə.Davudoğlunun sədr postunda uzun müddət qalmayacağı, onun uğursuz və bacarıqsız partiya lideri olması barədə “analitik açıqlamalar” verənlərin sayını artırmışdı.

Müvəqqəti geriləmə Ə.Davudoğlunun iradəsinə, qətiyyətinə və seçdiyi siyasi fəaliyyət vektoruna əsla təsir etmədi. Əksinə, o daha da aktivləşdi və partiyasının noyabrın 1-dəki seçkilərdə zəfərini təmin etmək üçün Türkiyə vilayətlərini dolaşmağa başladı, onlarla mitinqdə çıxış etdi, “qapıdan qapıya” praktikasını bərpa etdi, AKP-nin məram və niyyətlərini az qala hər seçiciyə çatdırmaq istədi.
Bu seçkilər ərəfəsində AKP-nin mövqelərinin zəiflədiyi, partiya sədri postuna Abdulla Gülün gətiriləcəyi deyilirdi. MHP sədri Dövlət Baxçalı isə həmişəki kimi, populist çıxışlar edərək “Türkiyədə 5 partiyadan ibarət koalisiyalı hökumət qurulacaq” söyləyirdi.
Məhz bu baxımdan noyabrın 1-dəki seçkinin ən önəmli sonuclarından biri AKP-də sədrlik, liderlik müzakirələrinin bitməsi, Əhməd Davudoğlunun gerçək liderə çevrilməsidir.
AKP-nin yeni sədri kimi partiyasını seçkilərə apardığı noyabrın 7-də 40,9 faizlik nəticə ilə qarşılaşan Ə.Davudoğlu bu dəfə 49,39 faizlik sonuca nail oldu.
Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanınn sədr olduğu dönəmdə AKP 2011-ci il seçkisində 49,9 faizlik nəticə göstərmişdi.
Ə.Davudoğlu isə həmin rekordu təkrarlamasa da, 4 il əvvəlki sonuca xeyli yaxınlaşdı.

AKP-nin uğurunun sirri

Türkiyədəki parlament seçkilərini AKP-nin zəfəri sayanlar çoxdur. Əslində, seçkilərin nəticələri iqtidar partiyasının zəfərindən daha çox müxalifət partiyalarının fiaskosu da sayıla bilər.

“Ana müxalifət” olan CHP ötən seçkilərlə müqayisədə mövqelərində heç bir irəliləyişə nail ola bilmədi. Halbuki, partiya sədri Kamal Kılıcdaroğlu seçkilər ərəfəsində “bütün bank kartlarındakı borclarınız silinəcək, yeni iş yerləri açılacaq, maaşlar artırılacaq” kimi vədlər vermişdi. O, Türkiyədə iqtidardakı AKP-nin uğursuz daxili və xarici siyasət yürütdüyünü, İŞİD terrorunun təhlükəsini artırdığını, terrorçu PKK ilə kuluar müzakirələrin aparıldıığını, iqtisadiyyatdakı geriləmənin yarıtmaz rəhbərlikdən qaynaqlandığını iddia edirdi.

Kılıcdaroğlu onu da vurğulayırdı ki, seçkilərdə AKP “biabırçı məğlubiyyətə” uğrayacaq.
Olmadı.
Kürdlərin HDP-si iyunun 7-dəki uğurunu nəinki təkrarlamaq, həta qazanacağı mandatların sayını artırmağı planlaşdırmışdı və irəliləyişinə zərrə qədər şübhə etmirdi. Fəqət, Səlahettin Demirtaşın sədrlik etdiyi bu partiya ötən seçkilərdə “türkiyəlilik, qardaşlıq, inkişaf” şüarları ilə təbliğat aparırdısa, budəfəki seçkilərdə aşkar “kürd mövqeləri” tutdu, hətta kürdlərin terror təşkilatı PKK-nın Suriyadakı bölməsi PYD-yə tam dəstək verdi, “PYD ilə çiyin-çiyinəyik” dedi.

Ölkədə terror aktlarının artması, İŞİD təhlükəsi, üstəlik də 7 iyun seçkilərinin sonuclarına görə hökumətin qurulmaması isə Türkiyə vətəndaşlarını çox narahat edirdi. HDP-nin aşkar PKK-PYD dəstəkçisi mövqelərini tutması ölkədə kürd separatizminin genişlənə biləcəyindən əndişələnmiş vətəndaşların AKP-yə üz tutmasına səbəb oldu və beləcə, HDP səslərin 4 faizini itirdi.
Və ən nəhayət, MHP. Bu partiyanın uğur qazanma şansları bütün rəqiblərindən çox idi. Sağçı, mühafizəkar partiya olan MHP Türkiyədə seçici kütləsinin təqribən 70-75 faizinin mühafizəkar dünyagörüşlü olmasından yararlana bilmədi. Bundan başqa, MHP-nin nə real seçkiqabağı platforması vardı, nə də seçkisonrası fəaliyyət proqramı.

…Türkiyədə 4-cü AKP dönəmi başlanır və bu, ölkənin üzləşdiyi problemlərin konstruktiv məcrada, vətəndaş koalisiyası və tərəfdaşlığı ilə həllinə ümid yaradır.
Qardaş ölkənin sədləri dəf edərək irəliləyəcəyinə şübhə etmirik.

/milli.az/

/azerimuslims/

Share

About Author

elwnazmus

(0) Readers Comments

Leave a Reply

Your email address will not be published.