Elmi Manşet Məqalələr — 11 November 2015

Uşaqlarınıza qarşı daha diqqətli olun. Diqqətli olmaq heç də onun çantasını məktəb üçün yığmaq və hər gün “məktəbdə nələr oldu” qəbilindən eyni sualları vermək demək deyildir. Əksinə, qoyun, uşaq öz çantasını özü toplasın, bunun məsuliyyətini hiss etsin və bu işi daha gözəl şəkildə yerinə yetirməyə vərdiş etsin. Başa düşün ki, uşağın gün ərzində 2 saatdan 4 saata qədər boş keçirdiyi və HEÇ NƏ ilə məşğul olmadığı şəxsi zamanı olmalıdır. İddialı valideynlər uşaqların gününü özləri bildiyi kimi bölüşdürür, onları müxtəlif dərnəklərə, idman bölmələrinə, dil kurslarına aparırlar. Uşaqların həddən artıq yüklənməsi həm valideynlərin, həm də uşaqların nevrozlar və onları müşayiət edən digər xəstəlikləri qazanmasına səbəb olur.

  • Məktəb və müəllimlərlə münasibətlərdə həmişə uşağın tərəfində olun. Uşaqlarınızı qoruyun. Pis qiymətlərdən qorxmayın. Əksinə, uşağınızda məktəbə və təhsilə qarşı ikrah hissi yaratmaqdan qorxun.

  • Bizim valideynlər qiyməti hədəf götürürlər. Bu hələ sovet dövründən qalıb. Mənim sinfimdə iki çex və bir polyak oxuyurdu. Çox ciddi bir yoxlama yazı işindən sonra keçirilən valideyn iclasında bizim valideynlərin hamısı sadəcə uşağın aldığı qiymətlə maraqlanırdılar. Çex və polyak valideynlər isə “Yoxlamanı yazarkən o özünü necə hiss edirdi? Həyəcanlanırdımı?” kimi suallar verirdilər. Və doğru olan da məhz budur.

  • Əlaçının və ya pis qiymətlə oxuyanın – kimin daha çox psixoloji problemləri olduğunu demək çətindir. Böyük əmək sərf etmək sayəsində “beş”lərini qazanan uşaqların çoxu həyəcanlı olurlar və onlarda özünüqiymətləndirmə aşağı olur.

  • Əgər uşağınız dərslərini müstəqil etmək istəmirsə, bunun həmişə bir səbəbi var və tənbəlliyin bura heç bir dəxli yoxdur. Ümumiyyətlə, psixologiyada tənbəllik adında bir kateqoriya yoxdur. Tənbəllik həmişə motivasiyanın və iradənin olmadığı yerdə özünü büruzə verir.

  • Uşağı dərslərini müstəqil yerinə yetirməkdən çəkindirən səbəblər müxtəlif cür ola bilər: yüksək kəllədaxili təzyiq, gipertonus, psixoloji problemlər, diqqət çatışmazlığı sindromu və geperaktivlik. Axşamlarınızı uşağınızla birlikdə dərslər üzərində oturmaqla keçirməkdənsə, bunun səbəbini araşdırıb, aradan qaldırmağa çalışsanız daha yaxşı olar.

  • Məqsədləri məsuliyyətli, müstəqil, uğurlu övladlar yetişdirmək olan valideynlər vardır. Valideynlər də vardır ki, məqsədləri uşağı hərtərəfli nəzarətdə saxlamaqdır, bu uşaq böyüyüb kim olacaq – bu o qədər də vacib deyil, əsas olan odur ki, nəzarətdən çıxmasın.

  • Tez-tez olur ki, qiymətlər barədə keçirilən həyəcanlar üzündən demək olar ki, ailələr dağılır, münasibətlər pozulur, valideynlərlə uşaqlar bir-birindən uzaq düşür, bəzənsə həmişəlik.

Yeniyetmələrin psixikası onsuz da çox gərgin olur, ali məktəbə qəbul imtahanlarına hazırlıq isə bütün ailə üçün həqiqətən çətin dönəmə çevrilir: hamı nevroz və depressiya içində gəzir, bunların nəticəsində isterikalar, xəstəliklər və hətta intiharlar baş verir.

Bütün bu qara güruhdan necə can qurtarmaq və ağır nəticələri minimuma endirmək olar?

Sadəcə sevgiyə və əbədi dəyərlərə köklənməklə. Bütün imtahanlar və qiymətlər yaddaşdan silindikdən sonra mühüm olan təkcə bir şey olacaq – öz uşağınızla yaxınlığı, etimadı, anlaşmanı, dostluğu itirməmişsiniz ki?..

Axı imtahandan yüksək bal qazanan qızınızı itirə bilərsiniz. Oğlunuz ən nüfuzlu fakültəyə daxil olar, lakin onunla münasibətləriniz bir daha bərpa olmaz.

Bunlar üzərində düşünməyə dəyər.

/snob.ru/

Tərcümə etdi: Zülfiyyə Əmrahlı

/azerimuslims/

Share

About Author

elwnazmus

(0) Readers Comments

Leave a Reply

Your email address will not be published.