İslami Manşet Məqalələr Xəbərlər — 24 November 2017

Mədinədə erkən islam dövləti qurulduqdan sonra müsəlmanlar təkcə Ərəbistanın daxilində deyil, həm də onun xaricində haqqın carçısına çevrilərək, ədaləti yaymaqla insanlığa həqiqəti öyrətdilər, onları islama çağırdılar. Bununla da insanlar yeni bəşəri nümunələrlə tanış olur, islam dəvətini qəbul edirdilər. Beləliklə, yer üzünə islam əxlaqı yayıldı, haqlara hörmət bəslənildi, qardaşlığa dair gözəl nümunələr dillərə düşdü.

Məhz islamın əxlaq nümunəsi  – dəvətçilərin qardaşlıq və davranış nümunəsi, tacirlərin əxlaq və alış-veriş nümunəsi, xoş söz və öyüd-nəsihət nümunəsi sayəsində bu din qəlblərə nüfuz etmiş, xalqları və millətləri hədsiz istəklə, imanla  ağuşuna basmışdır. İnsanlar başqa sistem və dinlərdə görmədiklərini islamda tapdılar. Onlar yeni dində əsrarəngiz bir həyatiliyin, həyatın bütün sahələrinə münasib heyrətamiz enerjinin, sadəliyin, məntiqəuyğunluğun, qardaşlıq və bərabərlik prinsipləri əsasında qurulmuş mükəmməl bir yaşayış  sisteminin şahidi oldular. Məhz bu kimi keyfiyyətlərin sayəsində islam coğrafiyası, Cənubi Hindistan və Maldiv adalarınadək uzanmış, Malayziya və İndoneziya adalarını da əhatə edərək, Tibet dağlarının zirvələrini fəth etməklə Çin sahillərinə qədər sərhədlərini genişləndirmişdi. Mərkəzi Afrika, Nigeriya, Seneqal, Çad, Tanzaniya və Somali torpaqları da bu coğrafiyadan kənarda qalmamışdır. Bu günlərdə isə islam Avropa və Amerikanın içərilərinə doğru addımlayır, yüzlərlə avropalı və amerikalı alim, mütəfəkkir Allahın sonuncu dinini qəbul edir. Belə alimlərdən biri də avstriyalı Məhəmməd Əsəddir (Allah ona rəhmət etsin!). İslamı dərindən öyrəndikdən sonra sözügedən alim bu dini seçməsinin səbəbini belə izah edir:

“İslam mənim üçün konstruksiya baxımından möhkəm bir bina kimidir. Onun bütün hissələri bir-birini tamamlamaq üçün mütənasib və simmetrikdir. Hissələr bir-birini möhkəmcə bərkidir. Burada nə bir ziyadəlik, nə də çatışmazlıq vardır. Bütün bunlar isə öz növbəsində belə bir nəticənin hasilinə səbəb olur: mükəmməl tarazlıq və universal stabillik!”

Macarıstanlı şərqşünas alim Əbdülkərim Germanus Dehlidəki “Böyük Cümə” məscidində islamı qəbul etməsi haqda insanlara məlumat verdiyi zaman demişdi: “İslamı qəbul etdiyim və ondan sonrakı günlərdə insanlar dəstə-dəstə məni təbrik etməyə axışırdılar. Onlarda gördüyüm sevgi və lütfkarlıq mənə həyatım boyu bəs idi”.

Öz-özündən: “İslamda mənə ən çox xoş gələn və məni bu dinə inanmağa sövq edən nədir?” – deyə soruşan hollandiyalı yazıçı və ədib, antropoloq R.L. Malha bu suala belə cavab verir: “Rəng, cins və düşüncə fərqlərinə əhəmiyyət vermədən bütün insanları özündə birləşdirən islam qardaşlığı prinsipi! Məhz islam bu prinsipə görə bütün dinlər arasında yeganədir. Çünki o, qardaşlıq prinsipinə praktiki olaraq riayət edir. Müsəlmanlar dünyanın harasında olmalarına baxmayaraq, bir-birlərinə qardaş gözü ilə baxırlar”.

Yaponiya Antropologiya Mərkəzinin üzvü, yaponiyalı müsəlman alim Məhəmməd Süleyman Tayko Tsi deyir: “Allaha şükür olsun ki, müsəlman olmuşam. İslamdakı üç  məsələ məni valeh edir:  birincisi islam qardaşlığı və ondakı stimulverici gücdür. İkincisi bu dinin problemləri praktiki olaraq həll etməsidir. İslam ibadətlə sosial həyat arasında heç bir fərq qoymur, əksinə, bu iki xüsusu bir-birinə yaxınlaşdırır. Məsələn, müsəlmanlar həm toplu halda namaz qılır, həm də sosial birlik formalaşdırır, cəmiyyətə xidmət edirlər.

Üçüncüsü isə budur ki, islamda insan həyatının fiziki və mənəvi tərəfləri müştərək götürürlür.  İslam qardaşlığı coğrafi məkan, sinif və əsil-nəcabət baxımından insanlar arasında fərq qoymur; o, dünyanın müxtəlif ölkələrində yaşayan müsəlmanlara eyni gözlə baxır. İslam bir və ya iki sinfin, kastanının və ya “seçilmişlər”in dini deyildir. O, istər pakistanlı, istər hindli, istər əfqan, istər çinli, istər yapon, istərsə də ərəb olsun, – fərqi yoxdur – bütün insanlığın dinidir.

Mən islami yenicə qəbul etmişlərdənəm. Artıq 2 ildir ki, bu dinə etiqad edirəm. Bu vaxt ərzində mən başa düşdüm ki, islam vahid etiqad və bu etiqadı praktiki tətbiqetmə prinsipləri üzərində qurmuş qardaşlıq dinidir”.

Tərcümə etdi: Elvüsal Məmmədov

/AzeriMuslims/

Share

About Author

elwnazmus

(0) Readers Comments

Leave a Reply

Your email address will not be published.