Kim - kimdir? — 15 May 2014

1926-cı ilin  sentyabr ayının 9-da Misirin əl-Ğərbiyyə vilayətinin Sift kəndində dünyaya gələn Qərdavi hələ iki yaşında ikən atasını itirmiş və onun təhsili ilə əmisi məşğul olmuşdur. Balaca Qərdavi hələ on yaşına çatmamış Quranı əzbərləmişdi. Krallıq dövründə Misirin Əzhər universitetinin nəzdindəki məktəbə  litsey  şagirdi kimi qəbul olunmuş və oranı ən yaxşı  ikinci şagird kimi bitirmişdir.

Bundan sonra eyni universitetin “Dinin əsas prinsipləri” fakültəsinə daxil olan Qərdavi təhsilini  180 tələbə arasında  birinci olaraq başa vurmuşdur. Qərdavi 1958-ci ildə Ərəb dili üzrə Akademik Araşdırmalar İnstitutunda “Dil və ədəbiyyat” ixtisasına yiyələnmişdir. “Dinin əsas prinsipləri” fakültəsinin  “Quran və Sünnət elmləri” bölməsinin magistratura pilləsini bitirən Qərdavi  doktor elmi adını da  1973-cü ildə elə bu universitetdə almışdır. Qərdavinin doktorluq dissertasiyasının adı “Zəkat və zəkatın ictimai problemlərin həllində yeri” idi.
Şeyx Yusif əl-Qərdavi həyatının ilk illərindən  çoxlu çətinliklərin, siyasi təzyiqlərin şahidi olmuşdur. Həsən əl-Bənnanın rəhbərlik etdiyi İxvanülmüslimin təşkilatına üzv olması onun dəfələrlə həbsə düşməsinə səbəb oldu. İlk  dəfə krallıq zamanı həbs edilən Qərdavi, üç dəfə də Misir lideri Camal Əbdünnasirin hakimiyyəti illərində məhbus olmuşdur. 1961-ci ildə Qatarda dini bir institutun yaradılmasında yaxından iştirak edən Qərdavi elə həmin institutun müdiri vəzifəsində işləmişdir. Bu səbəblə Qərdaviyə Qatar vətəndaşlığı verilmiş və o, Qatarda qalmışdır.
Qərdavi 1977-ci ildə Qatar Universitetinin Şəriət fakültəsi və islam araşdırmaları bölməsini quraraq dekan oldu. O, bu vəzifədə 1990-cı ilə qədər qaldı.  Qərdavi eyni zamanda Qatar Universitetində “Sünnət və Peyğəmbərin həyatını araşdırma” mərkəzinin müdiridir. 1413-cü il də “İslam araşdırmaları” konfransında beynəlxalq Kral Feysəl  mükafatını qazanan Qərdavi eyni zamanda Malayziya Beynəlxalq İslam universitetinin də elmi mükafatına layiq görüldü.
Yusif əl-Qərdavi  böyük alimlərdən sayılır. Fitvalarındakı mötədillik   fitva və kitablarının müsəlmanlar arasında yayılmasına səbəb olub. Qərdaviyə  şöhrət qazandıran  başqa bir səbəb isə  onun əl-Cəzirə televiziyasında “Şəriət və Həyat” adlı proqramda çıxış etməsidir. Qərdavi bu proqramda cəmiyyətin islami həyatının ümumi məsələlərinə toxunur.
Qərdaviyə şöhrət gətirən digər bir səbəb də onun  Misir müftisi Şeyx Nəsr Fəridlə birlikdə Taliblərin budda heykəllərini dağıtdıqları bir vaxtda  İslam Konfransı Təşkilatı kimi bir heyət yaradaraq  Taliblərdən heykəllərin dağıdılmasını dayandırmaq tələbi ilə çıxış etməsi olmuşdur. İsrailə qarşı cihadı dəstəkləyən Qərdavi əcnəbi işğala qarşı bütün islami hərəkatların mübarizəsini də haqlı sayır.

Qərdavi haqqında mülahizələr
İslam aləmində Qərdavi haqqında müxtəlif mülahizələr mövcuddur.  Bəziləri onun fiqhə dair fikirlərinin İslam fiqhi kitabları ilə ziddiyyət təşkil etdiyini söyləyir. Qərdavinin görüşlərinin İslam hüquq metoduna uyğun gəlmədiyini iddia edənlər alimin  bəlli bir elmi metoddan çıxış etmədiyini də irəli sürərək onun dini mətnlərə və fiqhi əsaslara deyil, şəxsi rəyinə uyğun hərəkət etdiyini söyləyirlər. Qərdavi ilə bağlı bu tip qiymətləndirmənin onun elm sferasından daha çox siyasi arenada  ön plana çıxmasından qaynaqlandığı bildirilir. Belə ki, Şeyx Qərdavinin öhdəsində çox mühüm bir məsuliyyət –  İxvan əs-Səfanın  bir qolunun (İxvan əs-Səfa Həsən əl-Bənnadan sonra Seyyid Qütbün ardıcılları olan Qütbçülər və Həsən əl-Bənnanın davamçıları sayılan Bənnaçılar olaraq iki qola ayrılmışdı. Bu qollar da öz  aralarında tabe olduqları şeyxlərə görə qruplara bölünmüşlər) elmi avtoriteti olmaq  durur.
Ancaq, Qərdavini müdafiə edənlər onu dəstəkləyir, alimin fiqhi görüşlərinin tam şəkildə hüquq metodları ilə eyniyyət təşkil etdiyini bildirirlər. Bu səbəbdən onun islam hüququ və metodologiyası sferasındakı dərin biliyi ilə metodologiyaya uyğun fiqhi görüşlərə malik olduğu qeyd edilir.

Qərdaviyə qarşı iddialar:

Hədis alimləri: Onlara görə, Qərdavi bəzi zəif hədislərdən dəlil kimi istifadə edir, Buxari və Müslimin hədis toplularında olan bir-sıra hədisləri qəbul etmir.
Sələfilər: Onlara görə, Qərdavi bəzi məsələlərdə icmaya qarşı çıxır. Bu iddiaya Əzhər universitetinin  bəzi şeyxləri də qoşulur. Sələfilər Qərdavinin hüquq metodologiyasında bəzi qaydalar icad etdiyini də irəli sürürlər.
Cihadçılar: Qərdaviyə qarşı ən böyük iddia onun ABŞ-dakı müsəlmanların amerika ordusu tərkibində Əfqanıstanda vuruşa bilmələrinə dair fitva çıxarmasıdır.  Onlar Qərdavinin Fələstinlə bağlı verdiyi fitvalarının dini məzmundan daha çox milli xarakterə malik olduğunu  iddia edirlər. ( Qeyd edək ki, Qərdaviyə qarşı cihadçıların irəli  sürdüyü iddia hələ də öz sübutunu  tapmayan bir məsələdir)
Sufilər: Onlar qədər və təvil məsələsində Qərdavini əşari düşüncəsini qəbul etməməyinə rəğmən,  İbn Teymiyyə və İbn Qayyimi qəbul etdiyinə gərə tənqid edirlər.

Əsərləri:
Qərdavi 100-dən artıq kitab və məqalənin müəllifidir. Müasir fitvalar (və s)

Qərdavi bu gün:
İslam internet saytı olan “İslamonline”ni idarə edir.
Məkkədəki “İslam Dünyası Birliyi”nin nəzdindəki İslam Fiqhi Cəmiyyətinin üzvüdür.
Qatar İslam Bankının və Bəhreyndəki İslam Feysəl Bankının Şəriət Nəzarəti Heyətinin direktorudur.
Afrika İslama Dəvət Cəmiyyətinin katiblik məclisinin üzvüdür.
Küveyt Beynəlxalq Şəriət Zəkat Heyətinin sədr müavinidir.
Oksford Universiteti İslam Tədqiqatları Mərkəzində İdarə şurasının üzvüdür.
İslam Alimləri Beynəlxalq Birliyinin sədridir.

Share

About Author

Azerimuslims

(0) Readers Comments

Comments are closed.